Metropolitenin 6 yaşı oldu
Bu gün “Bakı Metropoliteni” QSC-nin yaradılmasından 6 il ötür.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla metro istismarçıları və inşaatçıları vahid ailə kimi bir təşkilatda cəm olunublar.
Amma Bakı metropoliteni işçiləri peşə bayramlarını noyabrın 8-də qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi müəyyənləşib.
2015-ci il dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olub. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin istifadəsinə verilib və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatıb.
Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Təkcə 2019-cu ildə qurum 30 vaqon yaxud 6 qatar alıb. Həmçinin ötən ilin oktyabrında “Bakı Metropoliteni” Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.
2019-cu il “Bakı Metropoliteni” tarixində ilk dəfə funksional təlim-tədris mərkəzinin istifadəyə verilməsi ilə də yadda qalıb. Bundan əlavə ötən il metro tarixində ilk dəfə əlil arabası istifadəçilərinə metrodan istifadə etməyə şərait yaradılıb.