OPEC ölkələri neft hasilatını 1,5 milyon barrel azaldır
Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclasında kartelə üzv ölkələr neft hasilatının gündəlik 1,5 milyon barrel azaldılmasına razılıq veriblər.
Kartelin bu qərarı martın 6-da OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) nazirlərinin 8-ci görüşündə də müzakirə olunacaq və “OPEC+” üzrə istehsal məhdudiyyətləri dəqiqləşdiriləcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.