Məhəmməd Əmin Rəsulzadənin anım mərasimi keçirildi - FOTO
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması xüsusi təşəbbüs qrupunun təşkilatçılığı keçirilən tədbir onun ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb.
Tədbirdə çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin bütün həyatı Azərbaycanla bağlı olub: “Rəsulzadə barədə ancaq nikbin notlarla danışmaq lazımdır. O, ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyin bərpa olunacağına inanırdı. Rəsulzadənin öz silahdaşları ilə məktublaşmalarını izləyəndə də onun sabaha nikbinliyinin, inamının olduğunu görürük. İndi Azərbaycan öz istiqlaliyyətinə qovuşub”.
Əhmədova M. Ə. Rəsulzadənin ev muzeyini yaradılmasını, Bakıda heykəlinin ucaldılmasını arzuladığını qeyd edib.
Rəsulzadə irsinin tədqiqatçısı, Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması xüsusi təşəbbüs qrupunun üzvü Nəcibə Bağırzadə bildirib ki, Rəsulzadə yaradıcılığını izlədikcə onun milləti istiqlala necə addım-addım apardığını görmək mümkündür: “Birdən-birə çar Rusiyasının əsarəti altında olan millətə “Sənin dövlətin olmalıdır” demək olmazdı. Çünki çar Rusiyasının əsarəti olanda millət öz türklüyünü, şanlı tarixini unutmuşdu. Rəsulzadə xalqı addım-addım istiqlaliyyətə çatdırmağı bacardı”.
Bağırzadə vurğulayıb ki, M. Ə. Rəsulzadə bir çantası, çamadanı ilə bütün dünyanı dolaşaraq, Azərbaycan davası aparıb: “Rəsulzadənin bu mübarizəsi hər kəs tərəfindən öyrənilməlidir: “Rəsulzadə kimi şəxsiyyətlər heç vaxt ölmür. Onun ölümü əbədiyyətin başlanğıcıdır. Rəsulzadə daim xatırlanacaq”.
Tədbirdə Solmaz Rüstəmova-Tohidinin M.Ə.Rəsulzadənin həyatına hər olunmuş sənədli film nümayiş olunub.
Tədbir cümhuriyyət tarixinin və Rəsulzadə irsinin tədqiqatçılarının çıxışları ilə davam edib. (apa.az)