ÜST-nin baş katibi Azərbaycana təşəkkür etdi
Üumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqlı, Azərbaycan hökuməti və xalqına təşəkkürünü bildirib.
Rakus.az xəbər verir ki, ÜST-nin baş katibi bunu öz “Twitter” səhifəsində yazıb.
“Səfir Vaqif Sadıqlı, onun hökuməti və Azərbaycan xalqına koronavirusa reaksiya olaraq maliyyə dəstəyinə görə təşəkkür edirəm. ÜST həmrəyliyinizə görə minnətdardır. Birlikdə daha təhlükəsiz dünyaya doğru”, – o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, Azərbaycanda indiyədək 9 koronavirusa yoluxma halı təsdiqlənib.
Ümumiyyətlə, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 630 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.