Koronovirusla Mübarizə Fonduna köçürmələr davam edir - FOTO
“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüb.
Rakus.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin ofis, istehsal və anbar sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir.
xxx
“Kristal Abşeron” şirkətinin Müşahidə Şurası Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsaitin ayrılması ilə bağlı qərar verib.
Məqsəd ölkəmizdə koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə, pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsiri qismən də olsa qarşılamağa dəstək olmaqdır.
“Kristal Abşeron” “COVID-19” virusunun yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, şirkətə daxil olan iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq. Bununla yanaşı, “Kristal Abşeron”a daxil olan ticarət obyektlərində fəaliyyət göstərən icarədarlara 2020-ci ilin mart və aprel aylarının icarə haqları üzrə endirimlər tətbiq ediləcək.
“Kristal Abşeron” bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna “COVID-19” virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.
xxx
“NEQSOL Holding” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə 5 milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.
Buna əlavə olaraq, holdinqə daxil şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd express testlər, eləcə də süni nəfəs aparatları və binaların girişində quraşdırılması məqsədilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilməklə aidiyyəti yerlərə təqdim edilməsi nəzərdə tutulub.
Operativ Qərargahın təlimatlarına uyğun olaraq, “NEQSOL Holding” və tərkibində olan şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə və yayılmasının qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.
İşçi heyətin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən “NEQSOL Holding”də və tərkibində olan şirkətlərdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən:
-işçi heyəti və müştərilər arasında ofislərdə, istehsal sahələrində və xidməti mərkəzlərində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, yazılı və audio-video formatında təlimatlar hazırlanıb, “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb;
-işçi heyətin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, yaşlı insanlar üçün əlavə imkanlar yaradılıb, tədbirlər və iclaslar onlayn rejimə keçirilib, tikinti sahələrində işlər müvəqqəti dayandırılıb.
• Evdən işləməsi mümkün olmayan işçi heyətin, eləcə də müştərilərin təhlükəsizliyi üçün:
-ofislər, istehsal sahələri, müştəri xidməti mərkəzləri və nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb;
-xüsusi rejimlə işləyən işçilər üçün mətbəxlərdə qida rasionu immunitet gücləndirici qidalarla zənginləşdirilib;
-bir sıra hallarda iş saatları qısaldılıb, işçilər üçün nəqliyyat vasitələri təşkil edilib, “2 metr məsafə” qaydası tətbiq edilib və sair.
• Müştərilərə onlayn və distant xidmətlərdən istifadə tövsiyə edilib, həmçinin mobil rabitə sahəsində abunəçilərə:
-mobil tətbiqetməsindən və 24 saat fəaliyyət göstərən əlaqə mərkəzinin xidmətlərindən istifadə tövsiyə edilib;
-Əlaqə Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir;
-Abunəçilər üçün TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə pulsuz edilib.
“NEQSOL Holding” və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.
“NEQSOL Holding” bütün əməkdaşlarına, müştərilərinə və tərəfdaşlarına müraciət edərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, hamını koronavirusla mübarizə üçün imkanlarını səfərbər edərək birləşməyə çağırır. “NEQSOL Holding” hər kəsi özünün və ətrafında olan insanların, xüsusilə yaşlı insanların qayğısına qalmağa çağırır.