Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Rakus.az xəbər verir ki, məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Nəqliyyat vasitələri üzrə
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Ticarət obyektləri üzrə
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
İctimai iaşə obyektləri üzrə
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Əhalinin hərəkəti üzrə
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.