Tədrisin nə vaxt bərpa olunacağı hələ bilinmir
“Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tədrisin tam olaraq bərpa olunması iki milyon insanın gündəlik hərəkəti deməkdir”.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır:
“Koronavirus pandemiyasına qarşı çevik və zamanında görülən tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdədir. Nazirlər Kabineti yanında operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçülüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.
“Dərslərin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək”, – nazir qeyd edib.