COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu günün reallığından irəli gələn və respublikamız üçün əhəmiyyətli olan növbəti layihəyə imza atıb.
Rakus.az xəbər verir ki, institutdan verilən məlumata görə, direktor, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərov, həmçinin bu layihə çərçivəsində əməkdaşlıq edilən Türkiyənin Samsun Universitetinin əməkdaşı Fatih Ocak tərəfindən “COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi” tətbiqi işlənib hazırlanıb. “Quintessence C&S” şirkətinin texniki dəstəyini alan layihənin əsas məqsədi ölkəmizdə və dünyada koronavirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır.
Tətbiqdə dünya ölkələri və ayrıca olaraq, Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə yenilənir.
Layihənin ideya rəhbəri Y.Nəsibovun bildirdiyinə görə, tətbiqdə istinad edilən dünya ölkələri üzrə məlumatlar “Johns Hopkins Universiteti CCSE”ndən götürülüb https://systems.jhu.edu/research/public-health/ncov. Layihədə ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilib. Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, həmçinin https://koronavirusinfo.az saytına istinad edilməklə verilir. Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10 min nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. məlumatlar haqqında Dövlət Statistika Komitəsinə istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna məxsusdur. Bu tətbiq cəmiyyətin maarifləndirilməsi işində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial bir layihə olduğundan ticarət məqsədilə istifadəsi qəti qadağandır. Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, yeni yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv COVID-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcək. Həmçinin virusla mübarizə aparan ölkələrin sayını buradan öyrənmək olar. Tətbiqdən istifadə etməklə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.
Rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından, pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmayıb. Rəqəmlər əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.
İstifadə edilən statistik məlumatlar Coğrafiya İnstitutunun əməkdaşları – elmi işçi Turanə Hüseynova və baş laborant Aygül Zülfüqarova tərəfindən hazırlanıb.
“COVID-19 Azərbaycan real zamanlı monitorinq sistemi” tətbiqi ilə https://caspisnet.maps.arcgis.com/apps/dashboards/0f59111ebed64bbcb282bdd03a2e3a8f keçidində tanış olmaq mümkündür.