Yeni ixtisaslar üzrə təhsil proqramları hazırlanacaq
Rakus.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial media səhifəsində yazıb.
O bildirib ki, yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib:
“Yeni təsnifatda bir sıra ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair).
Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq.
Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslarından başqa) artıq iki il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək.