İlham Əliyev: “Binanı ucuz qiymətə satmaq istəyirdilər”

“Yadımdadır, – gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, – o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni, böyük qıtlıq var idi”.
Rakus.az xəbər verir ki, bunu Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılışına qatılan Prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, illər öncə Azərbaycanın bölgələrinə enerji təminatı daha çox pis vəziyyətdə idi: “Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda, bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı.
Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq. İllər ərzində Azərbayacan elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilib”.
İ.Əliyevin sözlərinə görə, müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi və ondan sonra daha da bərbad vəziyyətə düşdü.
“Burada bir “Barmek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim Sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymuşam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz”, – dövlət başçısı deyib.