Bakıda həkim və xanımı COVID-19-a yoluxdu - FOTO
Koronavirusla mübarizəyə qoşulan həkimlərimiz arasında da bu virusa tutulanlar var.
Rakus.az xəbər verir ki, onlardan biri 3 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion şöbəsinin müdiri Namiq Nabiyevdir.
O, Oxu.Az-a açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:
“Fevral ayından başlayaraq, Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, Bakı və Bakı ətrafı rayon xəstəxanalarının infeksion qəbulu şöbəsində aktiv çalışmışam. Təxminən 10 gün bundan əvvəl gördüm ki, halsızam, temperaturum var.
Tibb bacılarının birindən termometr istədim və temperaturum 37 dərəcədən yüksək çıxdı. Düzü, fikir vermədim. Fikirləşdim ki, yəqin, adi qrip oluram. Getdikcə ağrılarım kəskinləşir, profilaktik tədbirlər görülsə də, durmadan artırdı. Aprelin 18-də xəstəxanada analiz verdim”.
Həkim bildirib ki, özündə yaranan narahatlıqdan çıxmaq üçün ayın 20-də Referans Klinik Laboratoriya Mərkəzinə müraciət edib:
“Mənim həyat yoldaşım da 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir. Onunla birlikdə yeni analiz verdik. Daha sonra laboratoriya mərkəzindən zəng edib bildirdilər ki, çox təəssüf ki, həyat yoldaşınızda və sizdə cavab müsbət çıxdı.
Yoldaşımla həmişə çalışırdıq ki, uşaqlardan aralı qalaq. Demək olar ki, ailə üzvlərimizlə əlaqə saxlamırıq. Buna baxmayaraq, onlar da müayinədən keçirildi. Cavablar mənfidir. Hazırda müalicə alırıq, inşallah, tezliklə sağalarıq”.