Harmancı Azərbaycanda görülən işləri yüksək qiymətləndirdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı online brifinq keçirib.
Rakus.az xəbər verir ki, o, Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
O deyib ki, Azərbaycan hökuməti mayın 5-i üçün karantin rejiminin yumşaldılmasından bəhs edir: “Bunun üçün hazırlıq işləri görülür. Biz də əlimizdən gəldiyi qədər dəstək göstərməyə hazırıq”.
Onun sözlərinə görə, Azərbaycanın karantin rejimindən necə çıxacağı qərarı verilən zaman xalqa güvənmək önəmlidir: “Çünki xalq bu əməllərə riayət etməsə, vəziyyət yenidən pisləşə bilər. Aprelin 10-dan bu yana yoluxma sayında azalma görünür. Bu, da bizi sevindirir. Amma yenə də tədbirli olmalıyıq. İnsanlar həftələrcə evdə olmaqdan çox yorulub. Ona görə də karantin rejimindən çıxmaq üçün də ciddi düşünmək lazımdır ki, vəziyyət yenidən pisləşməsin”.
H.Harmancı xüsusi vurğulayıb ki, bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1 548 nəfər təşkil edib: “Onlardan 948 nəfər sağalıb. İndiyədək ölkədə 20 ölüm halı qeydə alınıb. Azərbaycanın bu sahədə gördüyü işlər öz müsbət təsirini göstərir. Bu, əsasən özünü sağalma sayının çoxluğunda biruzə verir.”
ÜST rəsmisi bildirib ki, yaşlı insanların təhlükəsizliyinin təmin edilməsi əsas amillərdən biridir. Xarici ölkələrdə yaşlı insanların birgə yaşadığı evlər var. Yüngülləşdirmə prosesində bu məsələ orada nəzərə alacaq. Hazırda Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabitdir və yoluxma sayı azalıb.