“Maskanı yalnız xəstə insan taxmalıdır” – mütəxəssiz
“Qoruyucu maskaları yalnız xəstə insanlar taxmalıdır. Çünki bu tibbi maskalar öskürən və asqıran vaxtı ətrafdakı insanları qoruyur”.
Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Cəvahir Süleymanova deyib.
Onun sözlərinə görə, sağlam insanın maska taxması onu virusdan qorumur: “ÜST-nin tövsiyəsi o idi ki, özünü xəstə hiss edən insanlar taxmalıdır. İndi vəziyyətin dəyişdiyinin şahidi oluruq. Çünki bəzən virus simptomsuz özünü göstərir. Tibbi maska və əlcəklərin istifadəsindən sonra onun tullanmasına diqqət edilməlidir”.
ÜST rəsmisi bildirib ki, maskaların bir neçə növü var: “Cərrahlar üçün nəzərdə tutulan maska nəm olduğu təqdirdə 1-2 saatdan sonra dəyişilməlidir”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə vurğulayıb ki, adi vətəndaşların əlcək taxması çox təhlükəlidir: “Çünki əlcəklə əl vurduqları yerdə daha çox virus var. Həmin əlcəklə telefona əl vurulsa və çıxarılıb tullansa belə, virus telefonun üstündə qalmış olur. Əlcəkdən istifadə edənlərin 90-95 faizi yanlışlığa yol verir. Sabunla əlin yuyulması daha etibarlıdır”. (Report)