Prezident FƏRMAN verdi
Prezident İlham Əliyev hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Rakus.az xəbər verir ki, Fərmana əsasən, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsi, dövlət informasiya ehtiyatları və sistemləri arasında müvafiq məlumat mübadiləsinin səmərəliliyinin, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması, müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılıb.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə altsistemin formalaşdırılmasını 2021-ci il yanvarın 1-dək təmin etmək tapşırılıb.
Bununla yanaşı, ƏƏSMN tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışını təmin etməli, altsistemə daxil ediləcək məlumatların, o cümlədən, dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görməlidir.
Sənədə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.
Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları isə altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmin dövlət orqanları eləcə də hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin etməlidir.