KTN seleksiya yolu ilə yeni kartof sortları yetişdirdi
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri müasir seleksiya üsullarından istifadə etməklə yeni kartof sortları əldə ediblər.
Rakus.az xəbər verir ki, Kənd Təsərüfatı Nazirliyindən verilən məlumata görə, “Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel” adları verilmiş seleksiya nümunələri dövlət sort sınağına təqdim edilib.
İnstitutun direktoru Elmar Allahverdiyev bildirib ki, yeni sortların alınmasında xarici mənşəli toxumlardan istifadə olunub. Həmin toxumlar mikroklonal üsulla əldə olunub və laboratoriya şəraitində vurusdan təmizlənib:
“Səkkiz ildir bu istiqamətdə elmi iş aparılır. Tədqiqat işləri son 3 ildə yeni müasir metod və vasitələrdən istifadə edilməklə intensivləşdirilmişdi. Bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40% daha çoxdur. Növbəti mərhələdə bu sortların patentləşdirilməsi və rayonlaşdırılaraq toxumçuluğunun təşkil olunması təmin olunacaq”.
“Turan” sortu tezyetişəndir. Vegetasiya müddəti (kütləvi çıxışdan yığıma qədər) 80-90 gündür. Rəngi açıq sarı, forması təpə tərəfdən incəlmiş uzunsov (armuda bənzər), səthi torşəkilli, ləti krem rənglidir. Nişastanın miqdarı 23,8 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 380-460 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. “Uğur” sortu orta tezyetişəndir. Vegetasiya müddəti 90-95 gündür. Rəngi açıq qırmızı, forması yumru, səthi hamar, ləti krem rənglidir. Nişastanın miqdarı 23,7 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-90 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 360-450 sentner/hektardır. Saxlanmaya orta davamlıdır.
“Vaqif” sortu tezyetişəndir. Vegetasiya müddəti 85-90 gündür. Rəngi sarı, forması yumru oval, səthi torşəkilli, ləti açıq sarı rənglidir. Nişastanın miqdarı 14,5 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 380-450 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. “Çənlibel” sortu ortayetişəndir. Vegetasiya müddəti 95-100 gündür. Yumrunun rəngi açıq sarı, forması yastı yumru, səthi hamar, ləti açıq sarı rənglidir. Nişastanın miqdarı 21,8 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 350-440 sentner/hektardır. Saxlanmaya orta davamlıdır”,- İnstitutun Kartofçuluq laboratoriyasının böyük elmi işçisi Mənzər Nəsibova qeyd edib.