“Turan” komandasının əlçatmaz rekordu
Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılan 2019-2020-ci il mövsümü “Qarabağ”ın müdafiədəki etibarlı oyunu ilə diqqəti cəlb edib. Yarışın lideri keçirdiyi 20 matçda cəmi 7 top buraxıb. 1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, bu, heç də ən yaxşı nəticə deyil.
Rakus.az xəbər verir ki, ən az qol buraxmaqda mütləq rekord “Turan”a məxsusdur. Tovuz klubu 1993-cü ildə cəmi 5 qol buraxıb. Bu nəticəni qapılarında hərəyə 7 top görən “Neftçi” və “Olimpik” (sonradan “Şüvəlan”) komandaları izləyirlər. “Qarabağ”ın indiki nəticəsi ikinciliyə şərik olmaq imkanı verir. Lakin bu şansdan yararlanmaq üçün ağdamlılar mövsümün bərpasından sonra qol buraxmamalıdır.
“Turan”ın 1993-cü ildəki rekordunda oyun sayının azlığı da öz rolunu oynayıb. Tovuz təmsilçisi 18 qrup və iki pley-off matçı keçirib. Bu qarşılaşmalardan da üçü texniki qələbə ilə yekunlaşıb. Baş tutan görüşlərdəki orta göstərici isə 0,29-a bərabərdir. Bu, yalnız üçüncü nəticədir. Rekord isə “Olimpik”in 2007-2008-ci il mövsümündəki göstəricisidir. Amma bu rekordun keçilməsi ehtimalı var. Paytaxt klubu üçün təhlükənin səbəbi cari mövsümdə 20 oyunda 7 top buraxan “Qarabağ”dır. Liderin indiki nəticəsi 0,35-ə bərabərdir. Bu, hələlik yalnız beşinci yerə şərik olmaq imkanı verir. Amma Ağdam klubu mövsümün bərpasından sonra qol buraxmasa, mütləq rekorda imza atmış olacaq. Bunun üçün son çempion daha 8 “quru oyun” keçirməlidir.