Rakus.az xəbər verir ki, aparılan auditin nəticələrinə əsasən Azərbaycan paytaxtının hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı hava limanı seçilib. Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.
Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.
COVID-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il “Skytrax World Airport Awards” mərasimi Londondan onlayn rejimdə yayımlanıb.
“Hava limanımız növbəti dəfə ən nüfuzlu Skytrax mükafatına layiq görüldüyü üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edərək beynəlxalq aləmdə yeni mühüm uğurlar qazanır. Bu gün belə bir yüksək mükafata layiq görülməyimiz hamımız üçün böyük şərəfdir. Əksər uçuşların dayandırılmasına baxmayaraq, əminəm ki, hava əlaqələri yenidən bərpa olunduqdan sonra Bakı hava limanı ən yüksək səviyyədə bütün növ xidmətlər göstərməyə davam edəcəkdir”, – AZAL prezidenti Cahangir Əsgərov vurğulayıb.
“Skytrax” şirkətinin baş icraçı direktoru Edvard Pleysted: “Heydər Əliyev Beynəlxalq Aeroportu özünü regionun ən yaxşı hava limanı kimi nümayiş etdirməyə davam edir və sərnişinlərə yüksək səviyyədə xidmət göstərir. Sərnişinlərin rahatlığı, geniş çeşidli xidmətlər, eləcə də mükəmməl düşünülmüş dizayn kimi əsas amillər hava limanına bu cür yüksək səviyyəni qoruyub saxlamağa imkan verir”.