“Ləğv edilmiş banklar üçün 677 milyon manat tələb olunurdu” – AMB sədri
“Azərbaycanda lisenziyası ləğv edilmiş 4 məlum bankın bazarda qalması üçün 677 milyon manat tələb olunurdu”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, həmin banklarla bu ilin yanvar ayından müzakirələr aparılıb: “Ən çox “AGBank”la danışılıb. Halbuki bu bankda da audit yoxlaması kapitalın mənfi olduğunu üzə çıxarmışdı. Bəzi ekspertlər deyirlər ki, hansısa bankın vəziyyəti yaxşı olub. Mən onların peşəkarlığına şübhə ilə yanaşıram. Professionallıq göstərmək lazımdır”.
Onun sözlərinə görə, mayın 7-nə qədər Azərbaycanda 549 milyon manat məbləğində 48 min kreditin restrukzasiyası üçün müraciət edilib: “Bunlardan yalnız 15 müraciətə müsbət cavab verilməyib. Ümumiyyətlə isə müraciətlərin 91%-i biznes, 9%-i istehlak, o cümlədən 5%-i ipoteka kreditlərinə aiddir. Artıq müraciətlərin 37%-i və yaxud təxminən 200 milyon manatlıq hissəsinə baxılıb”.
Onun sözlərinə görə, AMB-nin “Qaynar xətti”nə 15 fiziki şəxs müraciət edərək bankların güzəştlərlə bağlı tövsiyyələrə əməl etmədiyini bildirib: “Biz hazırda bu müraciətləri ciddi araşdırırıq”.