Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında bütün mətləblərə aydınlıq gətirib.
Rakus.az xəbər verir ki, o, sərhədə toplaşan vətəndaşlarla bağlı açıqlamasında həftə ərzində 400-450 nəfərin xaricdən Azərbaycana gətirilməsinin planlaşdırıldığını deyib.
O bildirib ki, bu vəziyyət hər zaman dəyişə bilər: “Son günlər ölkə daxilində koronavirusa yoluxan şəxslərlə bağlı rəqəmlərin artması tendensiyası müşahidə edilir. Aprel ayının əvvəlində xaricdən gələnlərin azalması nəticəsində səhiyyə işçiləri yerli ocaqlar üzərində işləyə bildi. “Evə gedirəm” portalı ilə qeydiyyatdan keçən vətəndaşların ölkəyə gəlməsi xüsusi qrafiklə həyata keçiriləcək. Amma vətəndaşların sərhədə gəlməsi və insanların iş prosesinə mane olması qəbulolunmazdır. Bu günlərdə Rusiya vətəndaşlarının Azərbaycandan çıxması üçün xüsusi koridor yaradılır.
H.Hacıyev Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı açıqlamasında koronavirus pandemiyası dövründə müəyyən olunmuş qrafik çərçivəsində vətəndaşlarımızın Azərbaycana gətirildiyini deyib.
Onun sözlərinə görə, “Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşların birinci hissəsi təyyarə ilə Rusiyadan gətirilib: “Mayın 5-də İrandan 94 nəfər, 7-də isə İstanbuldan iki çarter reyslə 212 nəfər ölkəyə gətirilib. Mayın 8-də 50 nəfər Daşkənddən, 11-də 52 nəfər Baltikyanı regionlardan, 12-də isə Moskvadan xüsusi təhsil müəssisələrində təhsil alanlar Azərbaycana gətirilib. Mayın 12-də həmçinin, Minskdən də 124 vətəndaşımız ölkəyə gətirilib. Mayın 14-də isə 198 nəfərin Kiyevdən gətirilməsi nəzərdə tutulur. Bundan öncə Azərbaycan-Rusiya quru sərhədindən 540-dan çox Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi təmin edilib. Onlar xüsusi karantin zonasında yerləşdirilir. Bunun üçün dövlət tərtəfindən dörd və beşulduzlu hotellər ayrılıb”.
PA rəsmisi vurğulayıb ki, 18-31 may tarixlərində xaricdə olan vətəndaşlarımız Azərbaycana gətiriləcək. Bununla bağlı plan hazırlanıb: “MDB, Avropa İttifaqına üzv olan və olmayan qitə ölkələrində qalan vətəndaşlarımız gətiriləcək”.
Azərbaycan bu ölkələrə humanitar yardım göndərir
“Azərbaycan tərəfindən Serbiya Respublikasına humanitar yardım edilməsi nəzərdə tutulur. Bu, artıq icra olunmaq üzrədir: “Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyi tərəfindən ölkəmizə müraciət daxil olub. Müraciət hazırda qiymətləndirilir. Yardımın maliyyə formasında verilməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə bu agentliyə maliyyə yardımları həyata keçirilib”.
“Vizaların verilməsi və məhdudlaşdırılması prosesi hələ də qüvvədə qalır”.
Hikmət Hacıyev bildirib ki, hazırda xüsusi karantin rejimi qüvvədədir: “Qlobal miqyasda qonşu dövlətlərdəki vəziyyət də nəzərdə saxlanılır. Ümumi vəziyyətə uyğun olaraq, bu sahədə addımların atılması prosesinə baxıla bilər”.