Dilqəm Əsgərov və Şahbaz Quliyev dəyişdirilməsi üçün iş aparılır
“Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətilə bağlı məsələlərin diqqətdə saxlanılması Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə həyata keçirilir”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O deyib ki, pandemiya səbəbindən “Hamının hamıya” prinsipinin tətbiq edilməsi ilə bağlı iş aparılır: “Bu xüsusda danışıqları daha da sıxlaşdırmışıq ki, həmvətənlərimizin dəyişdirilməsinə nail olaq. Pandemiya dövründə beynəlxalq ictimaiyyətə müraciət etməklə, humanist prinsiplərdən çıxış edərək, əsirlərin, girovların dəyişdirilməsi həyata keçirilməlidir. Amma Ermənistan tərəfi girovların geri qaytarılmasından boyun qaçırır”.
Onun sözlərinə görə, Azərbaycan “Hamının hamıya” prinsipinə sadiqdir: “Biz “Hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə konstruktiv mövqe nümayiş etdirilmir. Düşünürük ki, beynəlxalq aidiyyəti təşkilatlar, xüsusilə humanitar məsələlərlə məşğul olan strukturlar bu istiqamətdə əlavə səylər göstərəcək”.