DİM sədri brifinqdə bütün məsələlərə aydınlıq gətirdi
“Hər bir abituriyent öz yaşadığı ərazi üzrə imtahan verəcək”.
Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, proses bir qədər çətin olacaq: “Çünki bir gün ərzində müxtəlif səpkili, ən azı 4 növ imtahan kitabçası gələcək tələbələrə təqdim olunacaq. Nəzərə almaq lazımdır ki, 15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 nəfər abituriyent otura biləcək. Hər yüz nəfərə təxminən bir imtahan rəhbəri ayrılacaq. Artıq həmin heyət prosesə hazırdır. Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək. Bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır”.
O vurğulayıb ki, əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb: “Ola bilsin rəqəmlərdə müəyyən dəyişikliklər olsun”.
M.Abbaszadə bildirib ki, qəbul imtahanlarının vaxtı iyun ayının 5-dən sonra dəqiq elan olunacaq.
DİM sədri qeyd edib ki, sənəd qəbulu həmin gün bitəcək: “Yalnız bundan sonra sənəd verənlərin sayına uyğun hazırlıq işləri görülməlidir. Odur ki, iyunun 5-dən sonra tarixlər məlum olacaq. Elə kənd məktəbləri var ki, modul tiplidir. Onlarında cəmi 5-10 məzunu olur. Az məzunu olan məktəblərdə imtahan keçirə bilmirik. Ona görə də daha təmirli və böyük tutumu olan məktəb seçmişik ki, digər ətraf ərazilərdə olan abituriyentlər gələ bilsin”.
O bildirib ki, hər bir abituriyent şəxsi kabinetinə daxil olaraq hansı binada imtahan verəcəyini öyrənə bilər. İyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçimi aparılacaq. İxtisaslara aid jurnalın bu həftəsonunu çap olunacağı gözlənilir. Qabiliyyət tələb edən ixtisaslar varsa, qeydiyyatdan keçmək lazım olacaq.