DİM sədri: “Xəstəliyi olanlar qəbul imtahanına buraxılmayacaq”
“Keçid balı müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri də Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu sənəddə də hələ heç bir dəyişiklik yoxdur”.
Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
DİM sədri xatırladıb ki, mart ayından sonrakı tədris proqramları builki imtahanlara salınmayacaq: “Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir. Açıq tipli tapşırıqların sayı da azaldılıb. Başqa hansı güzəştlərin olması gözlənilir?! Məktəblilərin də psixoloji durumunun çətin olduğunu düşünmək olar. Amma mümkün qədər virtual dərslərin imkanlarından yararlana bilərdilər. Biz əlavə hər hansı güzəşt etməyəcəyik. Bir daha abituriyentlərə səslənirəm ki, imtahanlara telefonla gəlməsinlər. Əks təqdirdə onların nəticələri nəzərə alınmayacaq”.
M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün sentyabrda təkrar keçiriləcək: “Ancaq qəbul imtahanları üçün belə hal yoxdur. İyulun sonu avqustun əvvəli üçün rezidenturaya qəbulun olması planlaşdırılır”.
O bildirib ki, iyun və iyul ayı üçün bu imtahanın keçirilməsi düşünülmür: “Böyük ehtimalla bu imtahan avqust ayının əvvəlində iki mərhələli şəkildə keçiriləcək. Hər abituriyent imtahana gələrkən koronavirusla əlaqəli bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər”.
Onun sözlərinə görə, şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər: “Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər”.
M.Abbaszadə sonda bildirib ki, hazırda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının keçirilməsi üçün Mətbuat Şurasına müraciət edilib və müəyyən tarixlər əldə edilməlidir: “İmtahanlarda jurnalistika fakültəsinin müəllimləri də iştirak etməlidirlər: “Yazı müsabiqələrinin keçirilmə tarixləri barədə də dəqiq nəsə deyə bilmərəm, çünki nə qədər insanın məhz jurnalistika ixtisasına sənəd verəcəyini hələlik bilmirəm”.
O deyib ki, magistrlar üçün müsahibə mərhələsi onlayn şəkildə keçiriləcək.