“Məqsəd vətəndaşları qorumaqdır” – Əli Hüseynli
“Maska taxmamağa inzibati məsuliyyətə cəlb etməkdə məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən maska taxılması üçün yerlər müəyyən edilib və İnzibati Xətalar Məcəlləsində (İXM) dəyişiklik həmin yerlərdə qaydaların pozulmasına görə şamil ediləcək.
Layihəyə əsasən, İXM-nin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə yeni 211.2-ci və 211.3-cü bəndləri əlavə edilir.
Əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Bu xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.