Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
İyunun 3-də Azərbaycanda 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.
“Hazırkı dövrədək ölkədə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir” – deyə, məlumatda deyilir.
Məlumata görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315 527 test aparılıb.
Öz növbəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, son günlər ölkədə yoluxmanın dərəcəsi artır.
Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl etməmələridir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir.
“Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumlar qərargaha müraciət ediblər.
Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkətin tam məhdudlaşdırıla, iş rejimləri məhdudlaşdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək” – deyə, o bildirib.
COVİD 19-a qarşı mübarizənin qısa tarixi
Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.
Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.
Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalıb. 10 nəfərdən çox insanın bir yerə toplaşması qadağandır.
Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.
Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılmasına qərar verilib.
Belə ki, bütün ictimai-iaşə müəssisələrinin, o cümlədən restoranların, ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.
Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.