Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçılara Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib və bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1 783 nəfərə çatacaq.
Eyni zamanda, sədr öz çıxışında “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli Qanunu ilə vəkillərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizinin xərclər çıxılmaqla, 10 faiz miqdarında müəyyən edilməsinin vəkillik üçün əhəmiyyətindən bəhs edib.
Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması zəruri hesab edilib.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib.
Daha sonra yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.
Bundan əlavə, iclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib, eləcə də hüquqi yardıma görə vəkil qurumuna (vəkilə) ödənilən haqqın nağdsız qaydada ödənilməsi prosedurları ilə bağlı “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin nümunəvi formasına müvafiq dəyişiklər təsdiq edilib.
İclasda, həmçinin, Azərbaycan vəkilliyinin yubiley tədbirləri çərçivəsində keçirilən foto və ədəbi müsabiqələrin qalibləri elan olunub. Fotomüsabiqə üzrə birinci yerə vəkil Asif Abdullayev, ikinci yerə vəkil Nurlana Məmmədova, üçüncü yerə vəkil Arslan Mikayılov, ədəbi müsabiqə üzrə isə birinci yerə Şair Abduləzizli, ikinci yerə vəkil Xəlil Məmmədli, üçüncü yerə vəkil Xədicə Bayramlı layiq görülüblər.
Müsabiqələrin qalibləri, müvafiq olaraq birinci yer üçün 300 manat, ikinci yer üçün 200 manat, üçüncü yer üçün isə 100 manat məbləğində pul mükafatı və diplomlarla ilə təltif olunublar.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.