“Nyu-York Niks” Mayk Vudsona tapşırılır
“Nyu-York Niks” Milli Basketbol Assosiasiyasının (MBA) ən zəngin klublarından olsa da, hələ də liqanın ən zəif komandalarından sayılır. Klubun düzgün idarə olunmaması və məşqçi seçimlərində qüsurlar komandanı xeyli geri salır.
Rakus.az xəbər verir ki, klub yenə də məşqçi axtarışına çıxıb. “Nyu-York Niks” 62 yaşlı amerikalı məşqçi Mayk Vudsona tapşırıla bilər. ABŞ mətbuatı yazır ki, mövsüm başa çatandan sonra klub yeni baş məşqçi ilə bağlı qərarını açıqlayacaq. İndiki məqamda rəhbərliyin M.Vudsonla danışıq apardığı deyilir. Bunadək Tom Tibodo, Kenni Etkinson, Mayk Miller və Bekki Hemmonun adı “Niks”lə yanaşı çəkilirdi. Xüsusən də bu baxımdan Tibodo və Hemmon favorit sayılırdı. Əgər Hemmonla razılıq əldə olunsaydı, o, MBA-də ilk qadın məşqçi kimi tarixə düşəcəkdi. Hazırda Hemmon “San Antonio Spörz”də Qreqq Popoviçin köməkçisi kimi çalışır.
Vudsona gəlincə, təcrübəli mütəxəssis, 2012-2014-cü illərdə “Nyu York”da işləyib və komandanı pley-offa çıxarıb. O vaxtdan bəri “Niks” pley-offa yüksələ bilmir. Bu müddət ərzində isə komandanı ayrı-ayrı mövsümlərdə 5 məşqçi çalışdırıb.