Sərt karantin rejimi davam etməsi barədə qərar yoxdur – RƏSMİ
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanın iri şəhər və rayonlarında bu həftəsonu da sərt karantin rejiminin tətbiq ediləcəyilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rakus.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, iyunun 13-ü, 14-ü və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti dəfə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi barədə Baş Nazir Əli Əsədovun adından yayılan məlumatlar həqiqətəuyğun deyil.
“Baş Nazirin 4 iyun 2020-ci il tarixli müraciətində bu barədə heç bir açıqlama yoxdur. Hazırda da bu barədə heç bir qərar mövcud deyil. Bununla bağlı qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – o vurğulayıb.
İyunun 4-də Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.
Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək (ötən həftənin şənbə və bazar günü – red) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.