DİM imtahanlarla bağlı müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) 24 və 25 iyun tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.
Rakus.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.
İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.
Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
24 və 25 iyun tarixlərində (Yeni qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:
– 9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;
Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.