Mikayıl Cabbarov optimist danışdı
“Bu ilin I rübünün sonundan dünya, o cümlədən Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyası ilə bağlı yeni çağırışlarla üzləşib”.
Rakus.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O deyib ki, bu çağırışlar fonunda milli iqtisadiyyat çətinliklərə üzləşsə də, dayanıqlığını nümayiş etdirib: “İqtisadiyyatımızın əsas oyuncularına mənfi təsir minimal səviyyədədir. Çünki son illər ölkədə biznes mühiti yaxşılaşdırılır, iş adamlarının fəaliyyətinə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq”.
Nazir həmçinin deyib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi davam etdiriləcək: “Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss edirik. İnvestisiya layihələrinə maraq qalıb, düşünürəm ki, yaxın vaxtlarda “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də özəl sektorun yeni layihələr həyata keçirməsini müşahidə edəcəyik. Hazırda dövlət büdcəsinə yığılan hər 4 manatın 3 manatı özəl sektorun payına düşür”.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb: “Platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər. Yeni sistemə 15 bank qoşulub, gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”.