Pul üçün 146 min vergi ödəyicisi müraciət edib – RƏSMİ
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyulun 2-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 864 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117 616 fərdi (mikro) sahibkar, cəmi 146 480 vergi ödəyicisi müraciət edib.
Rakus.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 270 525 işçini əhatə edən 28 864 vergi ödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 97,64 mln manat, o cümlədən ikinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50%) 48,82 mln manat təşkil edir. İyulun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 498 vergiödəyicisinə 212 449 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 95,63 mln manat, o cümlədən ikinci ay üzrə ödənilmiş vəsaitin məbləği (50%) 47,3 mln manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117 616 vergiödəyicisindən müraciət daxil olub, 110 174 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,21 mln manatdan çox təşkil edir. İyulun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,3 mln manat vəsaitin 105 723 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.
Xatırladaq ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.