“Reno” Alonso ilə razılığa gəldi
Mövsümün ilk Qran-prisində heç də yaxşı nəticə göstərməyən “Reno” qarşıdakı ildə iddiasını artırmaq istəyir. Bunun üçün isə komanda texniki potensialını yüksəltməlidir. Üstəlik “Reno”nun yüksək səviyyəli pilota da ehtiyacı var.
Rakus.az xəbər verir ki, “Reno” Fernando Alonso ilə razılığa gəlib. İspaniya mətbuatının məlumatına görə, yaxın günlərdə Fransa komandası “Formula 1” üzrə ikiqat dünya çempionu ilə anlaşdığını ictimaiyyətə elan edəcək. Əslində Alonsonun “Reno” ilə danışıqlar apardığı haqda məlumatlar çoxdan dolaşırdı. Sadəcə, bu komandanın yeni mövsümə hazırlaşması prosesi bir qədər yubadırdı.
Alonso “Reno” üçün yad pilot da deyil. O, 2003-cü ildə karyerasına məhz “Reno”da başlayıb. 2007-ci ilədək bu komandanın şərəfini qoruyan ispaniyalı pilot hətta “Maklaren”ə keçənədək iki dəfə dünya çempionu da olmuşdu.
Xatırladaq ki, Alonso 2018-ci ildə “Formula 1″dən ayrılaraq müxtəlif sürət kateqoriyalı yarışlarda qüvvəsini sınayıb. O, WEC, “Le Manın 24 saatı” və “Daytonun 24 saatı” yarışlarının qalibi olub. Alonso son olaraq bu ilin əvvəlində “Dakar” ralli-marafonunda gücünü sınayıb. O, dəfələrlə mətbuata açıqlamasında Formula 1-ə qayıtmaq istədiyini söyləyib.