YAP bəyanat verdi: Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz istiqamətində sərhəd zonasında erməni təxribatı ilə əlaqədar bəyanat yayıb.
Rakus.az xəbər verir ki, bəyənatda iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribatın bütün Azərbaycan xalqı kimi hakim partiyanın çoxminli üzvlərinin dərin hiddətinə səbəb olduğu qeyd olunub.
Bildirilib ki, təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir:
“Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. İyul ayının 12-də Tovuz istiqamətində sərhəd xəttində qısamüddətli döyüşlər bunun daha bir əyani nümunəsi oldu. Düşmən tərəfi yenə də ciddi itkilər verərək geri oturduldu, törətdiyi təxribatlara görə layiqli cəzasını aldı.
Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını almağa, torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası olaraq qəhrəman Ordumuzla qürur duyduğumuzu, daim onunla bir olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş baş leytenant Rəşad Mahmudovun, çavuş Vüqar Sadıqovun, baş əsgər Elşad Məmmədovun və əsgər Xəyyam Daşdəmirovun qanının yerdə qoymayacağına dərindən inanırıq.
Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”