Monitorinq: karantin qaydalarına 42% əməl olunmayıb
İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə monitorinqləri davam etdirir.
Rakus.az xəbər verir ki, nazirliyin məlumatına görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyə qədər monitorinq keçirilmiş 16 133 sahibkarlıq subyektinin 6 778-də və yaxud 42%-də nöqsanlar aşkar edilib.
Monitorinqlərdə nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.
İyulun 4-dən başlayaraq isə nəzarət tədbirləri daha da gücləndirilib. Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakıda monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub.
“Sahibkarlıq subyektləri xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və tam riayət etməlidir”, – nazirlik bəyan edib.