Müəllimlərin işə qəbulu üzrə müraciətlərin sayı bilindi
“Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 56 min müraciət daxil olmuşdusa, onlardan 42 min nəfəri test mərhələsində iştirak etdi. O qədər namizədin bu il bir mərkəzə toplanması pandemiya dövründə mümkün deyil. Ona görə də bu il iştirak məsələsi fərqli təşkil ediləcək”.
Rakus.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
O qeyd edib ki, bu il iştirakçı sayı məhdudlaşdırılmaqla bir neçə məkanda imtahanlar keçiriləcək:
“Texniki təchizat işlərinə artıq start verilib. Səhərdən başlayan prosesə bu saata qədər 3 000-dən artıq müraciət edilib. Sanitar epidemioloji vəziyyət imkan verdiyi təqdirdə yenidən müsabiqə təşkil edilə bilər”.
Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb və proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.