Şimali Koreyada fövqəladə vəziyyət elan olundu
Koreya Xalq Demokratik Respublikasında (KXDR) COVID-19 infeksiyasına ilk yoluxma şübhəsindən sonra ölkədə ən yuxarı səviyyədə fövqəladə sistem elan edilib.
Rakus.az xəbər verir ki, hakim Koreya Fəhlə Partiyası mərkəzi komitəsinin siyasi bürosunun məsələ ilə əlaqədar təcili iclası keçirilib. İclasda çıxış edən KXDR lideri Kim Çen In deyib ki, virusun yayılmasının qarşısını almaqdan ötrü Keson şəhəri tamamilə qapadılmalı, onun hər bir rayonu təcrid edilməlidir. Kim Çün In Keson şəhərindəki təhlükəli vəziyyəti nəzərə alaraq, yanvar ayından ölkədə tətbiq olunan fövqəladə anti-epidemiya şəraitindən ən yuxarı səviyyədə fövqəladə sistemə keçməyə və yüksək səviyyəli həyəcan elan etməyə qərar verdiyini deyib.
KCNA bildirib ki, virusa yoluxmaqda şübhəli bilinən şəxslə yaxın təmasda olanlar, habelə son beş gün ərzində Kesona səyahət etmiş şəxslər karantinə cəlb olunacaqlar. Şübhəli bilinən şəxs 3 il əvvəl Cənubi Koreya tərəfə keçən və iyulun 19-da geri qayıdan adamdır. Hazırda o, karantinə cəlb olunub və həkim nəzarətindədir.
Yonhap agentliyi isə Kim soyadlı, 24 yaşlı həmin kişinin 2017-ci ildə Cənubi Koreyaya keçdiyini və Qimpo şəhərində yaşadığını bildirir. O, ötən ay Şimali Koreyadan olan qaçqın qadını zorladığı üçün polis tərəfindən təhqiqata cəlb olunmuşdu.