“Yuventus” İtaliya çempionu oldu
İyulun 26-da futbol üzrə İtaliya A Seriyasında 36-cı turun son oyunu keçirilib.
Rakus.az xəbər verir ki, Turindəki “Alyans Arena”da “Yuventus” klubu “Sampdoriya”nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Hesabı 45+7-ci dəqiqədə Kriştiano Ronaldo açıb. Oyunun 67-ci dəqiqəsində isə Federiko Bernardeski yekun nəticəni müəyyənləşdirib. Qarşılaşmanın 77-ci dəqiqəsində “Sampdoriya”dan Morten Torsbi ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Matçın 89-cu dəqiqəsində isə Ronaldo penaltidən yararlana bilməyib. Onun zərbəsi qapı tirinə tuş gəlib. Hazırda aktivində 31 qolu olan portuqaliyalı hücumçu bombardirlər siyahısında lider Çiro İmmobiledən 3 top geri qalır.
Bu qələbə sayəsində xalını 83-ə çatdıran “Yuventus” sona iki tur qalmış ən yaxın izləyicisi “İnter”i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə “Qoca Sinyora” tarixində 36-cı dəfə İtaliya çempionu olaraq, rekordunu yeniləyib.
“Yuventus”a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi adına sahib çıxıb. Sarri 61 yaşında ikən bu nailiyyətə imza atıb. Daha əvvəl isə Nils Lidholm 1983-cü ildə “Roma”da ikən 60 yaşında çempionluq əldə etmişdi.
“Sampdoriya” isə hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub.