Uşaq bağçası karantində işləyirmiş
Bakının Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulmuş mənzildə karantin qaydalarına zidd olaraq, qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
Rakus.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Səfərəli Mikayılov və onun həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq, uşaq bağçası təşkil etdikləri məlum olub.
Övladlarının sağlamlıqlarını risk altında qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.