YENİLƏNDİ: İlham Əliyev səfirin etimadnaməsini qəbul etdi - FOTO
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlətinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirib.
Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Dövlət başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.
Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.
Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət başçıları səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm təkan verdiyini qeyd edib.
Səfir eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, “ASAN xidmət” nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirib.
Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaş olduğunu deyib. Eyni zamanda səfir kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirib.
Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə edib. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirib. Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmənalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirib.
Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Özbəkistanın Prezidentinə çatdırmağı xahiş edib.
Rakus.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.