Fransa çempionatının açılış matçı təxirə salındı
Futbol üzrə Fransa çempionatının yeni mövsümünün açılış matçı sentyabr ayına təxirə salınıb. Buna səbəb matçda iştirak edəcək komandaların birində – “Marsel”də bir neçə nəfərdə koronavirus infeksiyasının aşkarlanması olub.
Rakus.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Mövsümün açılış matçı – avqustun 21-də “Marsel” və “Sent-Etyen” komandaları arasında oynanmalı idi. Vəziyyət nəzərə alınaraq matçın sentyabrın 16-da və ya 17-də keçirilməsi planlaşdırılır.
Bundan əvvəl, “Marsel” klubu avqustun 14-də Almaniyanın “Ştutqart” komandası ilə yoldaşlıq oyunu keçirməkdən imtina etmişdi. Buna səbəb isə müdafiəçi Jordan Amavidən koronavirus üçün götürülən testin müsbət nəticə verməsi olub.
Keçən mövsüm Fransa çempionatı koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatmışdı. Fransa çempionatının qalibi “Paris Sen-Jermen” klubu elan edilmişdi.