Koronavirus 03.04.2020 09:39

Abbas Bağırov: “Özünüzü qoruyun, aprelin 20-dək təhlükəli dövrdür” – MÜSAHİBƏ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 860 min yoluxma və 42 min 344 ölüm faktı qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-ə olan məlumatına görə, ölkəmizdə koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb və həmin şəxslər dərhal xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Ümumilikdə indiyə qədər Azərbaycanda koronavirus infeksiyasına 359 şəxs yoluxub. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib! Virusa yoluxan 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 7-nin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev bu xəstəliyə qarşı ölkəmizdə ciddi mübarizə aparıldığını bəyan edib. Eyni zamanda vurğulayıb ki, martın 31-dən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş ciddi əməl etməlidir. O, qeyd edib ki, insanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısı alına bilər.
Mövzu ilə bağlı “Kaspi”nin suallarını “Qələbə” Tibb Mərkəzi MMC -nin direktoru, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov cavablandırıb.
– Abbas həkim, ötən gün Prezident İlham Əliyevin iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən səsləndirdiyi fikirlərdən, eyni zamanda Operativ Qərargahın hər gün açıqladığı məlumatdan belə aydın olur ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər! Həkim, provizor olaraq bu barədə Siz nə düşünürsünüz?
– Bəşər tarixinin bütün dönəmlərində insanlar, ən çox əhəmiyyət vermədikləri məsələlərin fəsadlarından daha çox zərər görüblər. Bu baxımdan bu gün də məlum virus infeksiyasına qarşı həssas yanaşmayanların məsuliyyətsizliklərinin bəlasını həssas yanaşanlar da çəkməli olacaq. Təbabətdə indiyədək mövcud olan bütün xəstəliklərin meydana gəlməsində sosial-iqtisadi, irsi faktorların rol oynaması təsdiqini tapmışdır.  COVİD 19 infeksiyası nadir xəstəlik növlərindəndir ki, yoluxmada bu amillər heç bir rol oynamır. Heç bir kəsin bu infeksiyaya yoluxmayacağına dair zəmanət yoxdur! COVİD 19 virusu çox sürətlə yayılır ki, təhlükəlilik dərəcəsini məhz bu amil müəyyənləşdirir. Bir virus kapsidi içərisində fərqli zülali strukturlara malik üç RNT zənciri saxlayır. Bu struktur vaksin hazırlanması prosesinə xeyli çətinlik törədir. Bir müddət öncə dəfələrlə xəbərdarlıqlar etməyimizə baxmayaraq, əhalimizin bir qisminin keçən müddət ərzində  məsuliyyətsiz davranışı və biganəliyi sayəsində Azərbaycanda infeksiyanın yayılması daha geniş vüsət almışdır!  Ona görə də bir daha qeyd edirik ki, “Evdə qal!” çağırışının mahiyyəti təkcə xəstələnməməyə çağırış deyil,  eyni zamanda tibb personalının vaxtında və operativ tədbir görməsi üçün münbitlik statusunun yaradılmasıdır. Əgər bu pandemiyanın yayılma tempi total xarakter alarsa, birmənalı olaraq tibb işçiləri müalicə- profilaktika tədbirlərinin görülməsində aciz qalacaq! Diqqətinizə çatdırım ki, kütləvi yoluxmaların ağırlaşmalarının qarşısında hətta özlərini dünyanın super gücləri hesab edib, tanıdan böyük ölkələr belə COVİD 19-la mübarizədə  ən zəif durumdadırlar. Məhz bu kimi səbəbləri nəzərə alaraq evdə qalmağın bir üstünlüyü də kütləvi yoluxmanın törədəcəyi dəhşətli situasiyaların amplitudasını azaltmaqdır.
– Operativ Qərargahın hər gün yaydığı məlumatlarda yoluxma sayının artmasına dair rəqəmlərin olduğunu nəzərə alsaq, hazırda ölkənin, o cümlədən vətəndaşların real təhkükə mərhələsinə qədəm qoyduğunu deyə bilərikmi?
– Hər bir infeksiyanın, o cümlədən virus infeksiyasının orqanizmə yoluxma (fiksasiya olunma) dövründən, onun törətdiyi patologiyanın ilkin əlamətlərinin ortaya çıxdığı dövrə qədər olan müddət vardır ki, bu müddət inkubasiya dövrü adlanır.  İnkubasiya dövrü müxtəlif infeksiyaların törədicilərinin morfoloji quruluşundan, zülal strukturlarından, yapışdığı orqanizmin immun statusundan asılı olaraq,  fərqli dövrlər ərzində müəyyən olunur. COVİD 19-un inkubasiya dövrü iki, üç həftəlik bir zaman içərisində tamamlanır. Ölkəmizin sərhədlərini keçdiyi dövrdən başlayaraq, aktiv yayılma dövrünə qədər olan vaxt mart ayının sonuncu on günlüyünü əhatə edirdi. Ondan sonrakı dövr isə aktiv yayılma dövrünün totallaşması mərhələsidir. Yəni qarşıdakı iki on günlük çox təhlükəli dövrdür! Kim qarşıdakı bü dövrdə yoluxmadan qoruna bilsə, sağlamlığını təmin etmiş olacaq! Təəssüf ki, keçən on günlükdə tamamilə ehtiyatlı olmaq zərurətini əhalimiz unutdu. Bu kimi bir çox səbəbləri incələyərək hesab edirəm ki, izolyasiya olunmuş xəstələrin müalicəsinin aparılmasında, tibb personalının müalicə- reanimasiya tədbirləri görməsində, ekstremal vəziyyətlərdə kadr potensialının sayca yetərli olmasının nəzərə alınmasında yeganə amil sürətli yoluxma riskinin qarşısına sədd çəkməkdir!
– Dünya ölkələrinin bir çoxunda koronovirusa yoluxma və ölümlərin sayı artır! Azərbaycanda isə hələlik bu xəstəlikdən cəmi 5 nəfər ölüb, virusa yoluxma və ölüm sayının bundan sonra çoxalacağı ehtimalı varmı?
– COVİD 19-un 10 yaşadək olan uşaqları yoluxdurma və letallıq göstəriciləri yüksək deyil, həmçinin 20 yaşadak olan yeniyetmələrdə təhlükə qalır, fəqət dözümlülük də qeyd edilməkdədir.Erkən yaşlarda oğlan uşaqlarının yoluxması, onların reproduktiv(nəsiltörətmə) sistemlərində problemlər yaratması ehtimalı böyükdür! İyirmi yaşdan altmış altı yaşadək dövrlərdə yanaşı gedən xəstəlikləri izlənən  pasiyentlərdə ciddi təhlükə törədə bilir. Altmış altı yaşdan yuxarı olan şəxslər risk qrupunun real sırasındadırlar. Göründüyü kimi, müxtəlif yaş dövrlərində ayrı-ayrı göstəricilərlə xarakterizə olunan əlamətlər müşahidə edilir və yaşa görə letallıq əmsalı da dəyişir. Əsasən ürək qan-damar, ürək-ağ ciyər, endokrin sistemin və digər sistem xəstəlikləri olan şəxslərdə sağalma prosesi qənaətbəxş statistik göstəricilərlə uzlaşmır. Əgər yoluxma diapozonu böyüyərsə, təbii ki, ölüm faizi də artacaq!
– Martın 31-dən etibarən Azərbaycanda yeni məhdudlaşdırıcı qaydaların tətbiqinə başlanılıb. Məqsəd koronavirusla mübarizədə daha səmərəli addımların atılması, virusa yoluxma hallarının dinamikasının azaldılmasıdır. Buna baxmayaraq, bəzi vətəndaşlar yenə məsuliyyətsizlik edir, qaydalara əməl etməməyə çalışırlar. Fərqində deyillər ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm riski deməkdir! Bu barədə nə deyə bilərsiniz?
– Bu infeksiya əsasən hava -damcı yolu və təmas yolu ilə yayılır. Hava- damcı yolu o deməkdir ki, atmosferdən  asılı vəziyyətdə qalaraq aktiv həyat tərzi keçirən virus koloniyasına istənilən yerdə yoluxmaq mümkündür. Habelə hansı səthə yapışarsa, oraya fiksasiya olunaraq davamlı  risklər yaradır. Deməli, məntiq qanunları ilə fikirləşsək, təmasda olduğumuz səthlərin, kontakt yaratdığımız fərdlərin sayı artdıqca, yoluxma təhlükəsi də çoxalmış olur! Odur ki, qarşılaşdığımız, təmasda olduğumuz fiziki və bioloji obyektlərin sayı artdıqca, yoluxma riskimizin də adekvat şəkildə artmasına zəmin yaranır! Bütün vətəndaşlarımızın bu həssas məqamda və məsələdə diqqətli olmasının vicdan borcu, ilahi istəklə uzlaşan bir iman borcu olmasını unutmamalıyıq. İstənilməyən məsuliyyətsiz davranış, təhlükəyə məhəl qoymamaq, hər bir qayda pozuntusu, xəstələnərək  öz həyatını, ətrafda olanların həyatını risk altına atmaq deməkdir. Hər hansı ailənin bir üzvü evdən kənarda, insan sıxlığı olan yerlərdə gəzib-dolaşarkən  yüksək yoluxma riskinə məruz qalır, yaxud yoluxmuş olur. Özünə yoluxdurduğu virus infeksiyasını yaşadığı ailənin içərisinə daşımaqla digər ailə üzvlərinin də yoluxmasına səbəb olur ! Bu halda təbii ki, hər beş nəfərdən birində letallıq qeyd alınmasına zəmin yaranır!
– Koronavirusdan qorunmaq üçün vətəndaşların gigiyenik qaydalara riayət etməsi vacibdir. Bu zaman onlar nələrə xüsusi diqqət yetirməlidirlər?
– Əgər bir şəxs yaşadığı  evdən bu və ya digər zərurət üzündən çıxıbsa, qısa zaman ərzində qayıtmaqla, hər kəslə yaxınlıq məsafəsini qorumaq şərtilə çıxmalı, əlcək və maska geyinməli,  geri dönərkən üst paltarlarını, əlcək, maskasını içəridə yox, bayırda soyunmalıdır! Evin içərisinə ayaqqabılarla girmək yasaqlanmalıdır! Əlcəklər evdən bayırda tərs üzünə baş barmaqla çıxarılmalıdır, antiseptik gellərdən, etil spirtindən istifadə olunmaqla dezinfeksiya prosedurları tez-tez təktarlanmalıdır! Əldə və yaxud görünən dəri səthinin istənilən yerində zədələmiş bir nahiyə varsa, kontakta “YOX!” deyilməlidir. Əlləri yumadan gözə, ağıza toxundurmaq olmaz,  birdəfəlik maskalar 4-5 saatdan gec olmayaraq tez- tez dəyişdirilməlidir! Maska yalnız ağız boşluğunu deyil,  həmçinin burun keçəcəyini də kip qapamalıdır! Dövriyyədə olan pul vasitələrinin yoluxdurucu amil olması diqqətdə ciddi saxlanılmalıdır! Qızdırma, üşütmə, öskürmə, asqırma kimi hər hansı əlamətlər ortaya çıxarsa etinasızlıq etmədən testdən keçilməlidir, yaxud PZR metodu ilə müayinə aparılmalıdır. İmmun sisteminin qeyri-spesifik stimulyatorlarından, vitaminlərdən, mineral maddələrdən, təbii meyvələrdən, antioksidantlardan  istifadə olunmaldır. Pəhriz saxlayanlar pəhrizini dayandırsın. Psixoloji poztivliyi qorumaq mühüm şərtdir. Davamlı stressin immuniteti kəskin zəiflədən qorxulu faktor olması xüsusilə nəzərə alınmalıdır. Yaşlıların tam təcrid olunmasının mühümlüyü  diqqətdə saxlanmalıdır. Bir neçə fərdi digər faktorlar da mövcuddur ki, əgər onlar da nəzərə alınsa, letallıq göstəricilərinin artmasına əhəmiyyətli dərəcədə əngəl törədə biləcəyik.
– Bütün bunlara etinasız yanaşanlara sözünüz nədir?
– Etnasızlıq və biganəlik ağılagəlməz fəsadlara yol aça bilər, bunu heç kim unutmasın! Müşahidələrdən görünür ki, bilik səviyyəsi yüksək olmayan və əsasən aztəminatlı maddi duruma malik  insanlar  asudə gəzib- dolaşmağa daha çox meyl göstərirlər. Milli mentalitetimizin bəzi formulları gərək Azərbaycanda pandemiyanın  artmasına vəsilə olmasın. Bəzən görürük ki, adi vaxtlarda avtomobil yollarında qaydaları  pozaraq, bir sıra növbə gözlənilməli yerlərdə səbirsiz davranıb özlərini xüsusi statusda hiss edən, ictimai davranış qaydalarının ölçüsünə məhəl qoymayan imkanlı vətəndaşlar karantin rejiminə daha məqbul qaydada riayət edirlər. Həyatlarını böyük təhlükəyə ataraq gərgin şəkildə çalışan tibb işçilərinin fədakarlığını, daxili işlər orqanı əməkdaşlarının yorulmadan xidmət aparmasını, aidiyyəti qurumların və şəxslərin məntiqi dəvətini, dövlətin qanunlarına  riayət olunmasının mütləqiyyətini nəzərə alaraq, vətəndaşlarımızı bu virusdan qorunma-mühafizə işində  köməklik göstərməkdə məsuliyyətli və fəal olmağa dəvət edirəm.

XƏBƏR LENTİ
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO