Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala toponimi, oronimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, bu gün Ermənistan adlanan ərazinin tarixən Azərbaycan torpaqları olması heç kim üçün sirr deyil: “Coğrafi məkan olan Qərbi Azərbaycan qəsb edildikdən sonra ermənilər burada yerləşdirilib və bu torpaqlarda adından tutmuş mədəniyyətinə qədər hər şey oğurlanaraq dəyişdirilib”.
Bozgöy – Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda kənd adıdır və 1978-ci ildə kəndin adı dəyişdirilib Markahovit qoyulub.

Boznəli – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd adıdır. Qafqazın 5 verstlik xəritəsində adı Bozlu formasında qeyd edilib. Kənd XIX əsrin əvvəllərində ləğv edilib.
Boyaqçı – İrəvan şəhərində məhəllə adıdır.
Bora dağı – Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Yuxarı Kilsə kəndində dağ adıdır.
Borçalı arxı – Loru mahalının Barana, sonralar Noemberyan adlandırılan rayonda Tona çayından çəkilən arx adıdır.
Bostan tala – Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayonun Yuxarı Ağdan ərazisində yerləşən qışlaq adıdır və XX əsrin 30-cu illərində ləğv edilib.
Sonda vurğulanır ki, Azərbaycan xalqı üçün Qərbi Azərbaycan torpaqları, təkcə itirilmiş yurd yeri deyil, həm də milli kimliyin, tarixi ədalətsizliyin və gələcəyə inamın simvoludur: “Təbii ki, uzun əsrlər boyunca burada yaşamış azərbaycanlıların öz doğma torpaqlarından, zəngin maddi-mədəni və mənəvi irslərindən ayrı düşməsi əbədi olmayacaq, qayıdış mütləq reallaşacaq”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında aprelin 7-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














