Ceyhun Bayramov almaniyalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi
Ötən gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Almaniya Federal Xarici İşlər naziri Heiko Maas arasında telefon danışığı baş tutub.
Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Almaniya Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasından ciddi narahatlığını ifadə edib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov bölgədəki son gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib.
Təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini, habelə Ermənistanın Bakı-Tibilisi-Ceyhan boru kəmərini hədəfə almaq cəhdi Alman nazirin diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 29 azərbaycanlı mülki şəxsin həlak olduğu və 144 nəfərin isə yaralandığı barədə məlumat verib.
Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.