Ceyhun Bayramov təhsillə bağlı məsələlərə aydınlıq gətirdi
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə iştirak edib.
Rakus.az xəbər verir ki, nazir gündəmə dair bütün məsələlərə aydınlıq gətirərək lisey və gimnaziyalara qəbul vaxtını açıqlayıb:
“Beşinci və doqquzuncu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək. Respublika fənn olimpiadalarının üçüncü – final mərhələsi mart ayının sonunda keçirilməli idi. 589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının birinci yarısına planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazalarında sıxlıq olmadan keçiriləcək”.
Azərbaycanda bu şagirdlər buraxılış imtahanında iştirak etməyəcək
O deyib ki, mart ayının 1-də IX sinif üzrə buraxılış imtahanında iştirak edən 40 min şagird iyunda ikinci mərhələdə iştirak etməyəcək:
”Həmin şagirdlərin nəticələri 100 ballıq şkala üzrə ölçüləcək. İyunda 80 min şagird üçün regionlarda imtahan keçiriləcək”.
Birinci sinifə qəbulla bağlı açıqlama
Onun sözlərinə görə, 122 minə yaxın birinci sinifə qəbul olunan şagirdin elektron qeydiyyatı başa çatıb: “Onların məktəbləri və müəllimləri artıq müəyyən edilir. Növbəti aylarda da şagirdlərlə bağlı elektron müraciətləri gözləyirik”.
Şagirdlərin qiymətləndirilməsinin vaxtı açıqlandı
C.Bayramov vurğulayıb ki, iyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək: “Bu, onlayn şəkildə baş tutacaq. İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd proqramın neçə mənimsənilməsinin tədqiqi və monitorinqidir”.
Tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi ilə bağlı qərar verildi
Nazirin dediyinə əsasən,2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur: “Şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək. Onlar növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər”.
Dərslərin başlaması vaxtı ilə bağlı qərar
C.Bayramov bildirib ki, Azərbaycanda tədris prosesi 1 iyun 2020-ci ildə başlamayacaq: “Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların yeni normalara uyğun keçirilməsi ilə bağlı qaydalar hazırlanıb. Qaydalar Nazirlər Kabinetinə təqdim edilib və yaxın günlərdə qəbul ediləcək”.