Cocuq Mərcanlıya ilk avtobus getdi – foto - FOTO
Yanvarın 9-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Cocuq Mərcanlı istiqamətində ilk avtobus reysi açılıb.
Rakus.az xəbər verir ki, paytaxtdan Cocuq Mərcanlı istiqamətində 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə isə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq. Avtobus reysləri hər gün yerinə yetiriləcək. Gündə iki dəfə baş tutacaq reys saat 10:00-da və 15:00-da həyata keçiriləcək. Həmçinin fevraldan sonra Cocuq Mərcanlı istiqamətində gecə reyslərinin də fəaliyyətə başlaması nəzərdə tutulub.
İlk avtobus reysindən istifadə edən sərnişinlər arasında həm paytaxt sakinləri, həm də Cocuq Mərcanlıda yaşayan sakinlər olub. Paytaxt sakini Namiq Məmmədov yeni açılan avtobus reysinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, sərnişinlərin Cocuq Mərcanlıya avtobusla birbaşa getməsi rahatlıq üçün çox əhəmiyyətlidir. Bunun üçün də, Bakıdan Cocuq Mərcanlı istiqamətində avtobusun istifadəyə verilməsi çox əlamətdar hadisədir.
Cocuq Mərcanlı sakini Hikmət Balakişiyev isə deyib ki, əvvəllər avtobusla Horadiz qəsəbəsinə qədər getmək mümkün idi. Qəsəbədən sonra sərnişinlər başqa nəqliyyat vasitəsilə kəndə yola düşürdülər: “Artıq bu problem aradan qaldırılıb və birbaşa Cocuq Mərcanlı kəndinə getməyimiz təmin olunub. Bütün sərnişinlər bu addımı yüksək qiymətləndirirlər”.
Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.
Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaranıb. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu Sərəncama dair tədbirlərin görülməsi çərçivəsində Cocuq Mərcanlı sakinlərinin respublikanın bütün istiqamətlərinə və xüsusilə paytaxt Bakıya rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni marşrut xətlərinin istifadəyə verilməsi davam edəcək.
Ümumi uzunluğu 9 kilometr, eni 12 metr olan iki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin 2017-ci ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib.