COVID-19-dan ölənlər tabutla birlikdə dəfn edilməlidir
COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları məlum olub.
Rakus.az xəbər verir ki, bu barədə TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə məlumat verilib.
Məlumata görə, hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir.
COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir.
Həmçinin bildirilir ki, hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir.