COVID-19-la bağlı işıqfor xəbərdarlıq sistemi istifadəyə verildi
Avstriyada koronavirusun yayılma vəziyyəti barədə əhalini məlumatdırmaq məqsədilə işıqfor xəbərdarlıq sistemi işə salınıb.
Rakus.az xəbər verir ki, dörd pillədən (yaşıl, sarı, narıncı və qırmızı) ibarət “koronavirus işıqforu“ həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər və rayonlar üzrə yoluxmanın vəziyyətini əks etdirir.
İşıqfor sisteminin işə düşdüyü ilk gün ölkənin bütün rayonları yaşıl işıqda olsa da, dörd rayon (Vyana, Lints, Qrats şəhərləri və Kufştayn rayonu) sarı rəngdə olub. Bu vəziyyət isə bir sıra anlaşılmazlıq və narazılıqlar yaradıb. Belə ki, qeyd edilən dörd şəhər ölkə əhalinin təxminən 30 faizini əhatə edir və 1,8 milyon nəfərin yaşadığı paytaxt Vyana ilə 10-15 min insanın yaşadığı hansısa bir rayonun eyni meyarlar əsasında qiymətləndirilməsi etiraz doğurub.
Lints meri bildirib ki, onun rəhbərlik etdiyi şəhərdə hər 100 min nəfərə 26 yeni yoluxma halı düşdüyü halda, Viner Noyştadt rayonunda bu göstərici 44-ə bərabərdir. Lakin Lints işıqforda sarı, Viner Noyştadt isə yaşıl rənglə təsvir edilib.
Səhiyyə Nazirliyi məsələyə aydınlıq gətirərkən bu qiymətləndirmədə konkret rəqəmlərin deyil, yoluxmanın sürəti və ocaqları, eləcə də digər amillərin ön planda dayandığını bəyan edib.
İnfeksiya təhlükəsini əks etdirən işıqfor sistemi hər həftənin cümə günü ölkədəki epidemioloji vəziyyəti təqdim edəcək.