COVID-19-u itlər daha yaxşı müəyyən edir
Böyük Britaniyanın “Medical Detection Dogs” qurumu çoban itlərinin koronaviruslu xəstələri müəyyənetmə qabiliyyətinə malik olduğunu bildirib.
Rakus.az xəbər verir ki, qurum artıq altı çoban iti üzərində sınaqlara başlayıb.
Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Alman Çoban İtləri Birliyinin rəhbəri Boran Aydın K9 alman çoban itlərinin və labrador cinsi başda olmaqla fərqli cinslərdən olan itlərin koronavirus xəstələrinin aşkarlanmasında istifadə oluna biləcəyini deyib. Onun sözlərinə görə, bu heyvanlar əməliyyat-axtarış, bomba və narkotik axtarış tədbirləri zamanı istifadə edilir və çox həssas olduqları üçün COVID-19-a yoluxan şəxsləri asanlıqla aşkarlaya bilərlər.
B.Aydın bildirib ki, ev itləri belə sahiblərinin hansısa xəstəliyi olanda və ya onlar ağrıyanda bunu hiss edərək həmin bədən hissəsini qoxulamağa, yalamağa başlayırlar.
O, “hökumət razılıq verərsə, virusu aşkarlamaq üçün itlərimizə məmnuniyyətlə bu istiqamətdə təlim keçə bilərik” deyib.
Baytar həkimi İlqaz Öztürkün sözlərinə görə, koronaviruslu xəstələrin tüpürcəyində və ya sidiyində hər hansı qoxu dəyişikliyi varsa, itlər bunu müvəffəqiyyətlə aşkar edə bilərlər.