COVID-19-un həkimləri çaş-baş salan xüsusiyyəti
Elm adamları və həkimlər hələ SARS-CoV-2 kimi maraqlı infeksiya ilə qarşılaşmayıblar.
Rakus.az xəbər verir ki, bunu Rusiyadakı Trombozların Profilaktikası Mərkəzinin rəhbəri Andrey Qromov bildirib.
Onun sözlərinə görə, koronavirusun özünəməxsusluğu infeksiyanın özünü bir xəstəlik kimi deyil, “xəstəliklər buketi” kimi göstərməsidir. Belə ki, həkimlər koronavirusun yaratdığı müəyyən bir prosesi müalicə edərkən xəstəlik formasını kəskin şəkildə dəyişir və kənara “gedir”.
A.Qromov bildirib ki, koronavirus əvvəlcə adi respirator infeksiyadan fərqlənmir, ancaq sonra virus ağciyərlərə keçir, xəstədə tənəffüs çatışmazlığı yaradır. Bəzən COVID-19 arteriyaları zədələyir, bu da infarkt, insult və damar trombozuna gətirib çıxarır.
Ancaq bununla da iş bitmir. Hətta bu cür ağırlaşmalardan sonra vəziyyət kəskin şəkildə dəyişə və proqressiv trombozdan 12 gün sonra toxumaların parçalanması baş verə bilər.