Cüdoçularımızdan biri finala yüksəldi, ikisi bürünc üçün güləşəcək
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.
Rakus.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.
Onlardan biri finala yüksəldiyi halda, digər ikisi bürünc medal üçün qüvvəsini sınayacaq.
Cüdoçularımızdan Aytac Qardaşxanlı (57 kq) ilk görüşündə Eirka Vauhkonenlə (Finlandiya) üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, startda olduğu kimi, 1/8 və 1/4 finalda da ipponla qalib gəlib. A. Qardaşxanlı müvafiq olaraq, İsobel Kitçen (Böyük Britaniya) və Florentina İvaneskunu (Rumıniya) da vaxtından əvvəl məğlub edib.
Həmyerlimiz yarımfinalda rusiyalı Kseniya Qalitskaya ilə güləşib və uğurlu seriyanı davam etdirə bilməyib. O, mübarizəni 3-cü yer uğrunda davam etdirəcək. Təmsilçimizin rəqibi almaniyalı Samira Bok olacaq.
Vüqar Talıbov (73 kq) da ilk iki görüşündə asan qələbə qazanıb. O, 1/8 finalda belaruslu Denis Yavseyenkanı 93, 1/4 finalda Adam Kopeçkunu (Çexiya) 38 saniyəyə məğlub edib.
Festivalda millinin bayraqdarı olan cüdoçu final üçün türkiyəli Musa Şimşəklər qarşılaşıb. Bu dəfə 27 saniyəyə ipponla qalib gələn idmançı həlledici görüşdə italiyalı Luici Sentasshini sınağa çəkəcək.
66 kq çəki dərəcəsində qüvvəsini sınayan Mətin Rzazadə debütdə Elquya Şinçaraşvilini (Gürcüstan) ippona salsa da, 1/4 finalda Sayxan Şabixanova (Rusiya) uduzub.
Cüdoçumuz təsəlliverici görüşdə kosovolu Festim Beqiri ilə gücünü yoxlayıb. Rəqibindən üstün olan M. Rzazadə bürünc medal üçün macarıstanlı Daniel Zeqedi ilə münasibətinə aydınlıq gətirəcək.
Xatırladaq ki, Azərbaycan cüdoçuları 1 gün öncə 1 qızıl və 2 bürünc medal qazanıblar.