Dağlıq Qarabağ münaqişəsinin həlinə kömək edəcəyik – Lavrov
“Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir”.
Rakus.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.
O bildirib ki, biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq:
“Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır”.